21:19:40 - Çarşamba 13 Şub 2019
“Güney Azərbaycanın əsas hədəfi müstəqillikdir”– Ağrı Qaradağlı ilə müsahibə
“Güney Azərbaycan milli hərəkatının əsas istəklərindən biri müstəqillik, yaxud istiqlaliyyətdir. Əlbəttə, bu müstəqillik də millətləşmə prosesinin başa çatmasından sonra qazanılmalıdır. Bunun üçün də Güneydə yaşayan xalqımızın oyanması və öz tarixini, mədəniyyətini, milli kimliyini bilməsi lazımdır”. Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) İdarə Heyətinin üzvü, milli fəal Ağrı Qaradağlı belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik: – […]

“Güney Azərbaycan milli hərəkatının əsas istəklərindən biri müstəqillik, yaxud istiqlaliyyətdir. Əlbəttə, bu müstəqillik də millətləşmə prosesinin başa çatmasından sonra qazanılmalıdır. Bunun üçün də Güneydə yaşayan xalqımızın oyanması və öz tarixini, mədəniyyətini, milli kimliyini bilməsi lazımdır”.

Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) İdarə Heyətinin üzvü, milli fəal Ağrı Qaradağlı belə düşünür.

Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

– İranda Güney Azərbaycandan olan milli-mədəni fəallara qarşı təzyiqlər yenidən güclənib. Bunu nə ilə izah etmək olar?

– Əslində güney azərbaycanlı fəallara qarşı təqib, təzyiq, həbs, işgəncə həmişə İran hakimiyyətinin gündəmində olub. Zaman-zaman buna beynəlxalq təzyiqlərlə əlaqədar qısa fasilə verilib. Lakin Güney Azərbaycana münasibətdə heç vaxt dəyişiklik olmayıb. Əksinə, milli fəallarımıza qarşı təqib və təhdidlər daha kəskin hal alıb. İran hakimiyyəti milli hərəkatın qarşısına əngəl çıxarmağa çalışsa da, bu məqsədinə heç vaxt nail olmayıb. Son zamanlarda İranda ciddi iqtisadi problemlər ortaya çıxıb, xalq da bu vəziyyətdən narazıdır. Buna görə də İran hakimiyyəti kütləvi nümayişlərin təkanverici qüvvəsinin mərkəzi kimi Güney Azərbaycandan çox qorxur, nəticədə də təzyiqləri bir qədər də sərtləşdirir.

– Son günlərdə İran daxilində baş verən proseslərdə diqqət çəkən maraqlı nüans budur ki, Bəlucistan, Sistan və digər bölgələrdə terror aktları baş verir, amma Tehran Güneyə təzyiqləri artırır. Niyə etnik ərəblərin, kürdlərin, bəlucların məskunlaşdığı bölgələr və potensial terror ocaqları hesab edilən məkanlar əsas hədəf mərkəzləri deyil?

– Biz GAMOH olaraq hər zaman demokratik dəyərlərə üstünlük vermişik və hər zaman da terrorizmə qarşı olduğumuzu bildirmişik. Bizim mübarizəmiz dinc və mədəni bir mübarizədir. Digər yandan isə İran rejimi sizin adlarını çəkdiyiniz millətlərin heç birindən qorxmur. Çünki həmin bölgələr Güney Azərbaycanla müqayisədə balaca bir ada kimi görünürlər, sayları da az olduğu üçün onları çox asanlıqla izolyasiya edə bilirlər. Azərbaycan xalqı isə İranda yaşayan digər millətlərdən on dəfə çoxdur, bu da İran hakimiyyətini qorxuya salır. Buna görə də Güney Azərbaycana qarşı təzyiqləri hər keçən gün bir qədər də sərtləşdirməyə çalışır. Onu da əlavə edim ki, İran hakimiyyəti heç vaxt terrorizmə qarşı olmayıb, əksinə çox vaxt terror təşkilatlarına dəstək verib. İran rejimi ancaq özünə qarşı yönəlmiş terrora qarşıdır.

– İran kəşfiyyatı tərəfindən həbs edilmiş milli-mədəni fəal Abbas Lisani haqda fikrinizi bilmək istərdik. Son aylar, hətta son illərdə bu şəxs ən çox təzyiqlərə və təhdidlərə məruz qalıb. İran hakimiyyətinin Abbas Lisaniyə xüsusi “diqqət” ayırmasının səbəbi nədir?

– Sizə də məlum olduğu kimi, son zamanlarda Abbas Lisani həm İran hakimiyyəti tərəfindən, həm də hərəkat daxilində çaxnaşma yaratmağa cəhd edən bəzi şəxslərin təhdid və təzyiqlərinə məruz qalır. Bunun da səbəbi Abbas bəyin milli hərəkatın önündə gedənlərdən biri olması və bu yolda bütün təhlükələri gözə almasından irəli gəlir. Əlbəttə, bu da İran hakimiyyətini vahiməyə salır. Biz GAMOH təşkilatı olaraq, hər zaman Abbas Lisani və həbsdə olan digər milli fəallarımızı müdafiə etmişik və edəcəyik. Keçən günlərdə doktor Mahmudəli Çöhrəqanlı da məhbusların müdafiəsi ilə bağlı müsahibəsində İran hakimiyyətinə öz etirazlarını çatdırdı.

– Ağrı bəy, bəs bu gün Güney Azərbaycanda gedən hərəkatın qarşısına qoyduğu konkret hədəf nədən ibarətdir?

– Güney Azərbaycan milli hərəkatının əsas istəklərindən biri müstəqillik, yaxud istiqlaliyyətdir. Əlbəttə, bu müstəqillik də millətləşmə prosesinin başa çatmasından sonra qazanılmalıdır. Bunun üçün də Güneydə yaşayan xalqımızın oyanması və öz tarixini, mədəniyyətini, milli kimliyini bilməsi lazımdır. Bir sözlə, milləti maarifləndirib və millətləşməyə doğru istiqamətləndirdikdən sonra müstəqilliyimizi də qazanacağıq.

– İran hakimiyyətinin gizli edam siyasətində milli fəallar hansı yeri tuturlar? Güneyli fəallara qarşı gizli edamlar həyata keçirilirmi?

– İran rejimi tərəfindən həmişə milli fəallarımıza qarşı mənəvi terror hücumları olub və bu, hələ də bu davam edir. Müxtəlif yollarla milli fəallarımıza qarşı qarayaxmalar və şər atmaqla şəxsiyyət terroru etmək istəyirlər. Edam məsələsinə gəlincə, hərəkatçıları birbaşa edam edə bilmirlər. Çünki hərəkatçılarımız qanun çərçivəsində və Konstitusiyaya əsaslanaraq fəaliyyət göstərirlər. Amma hərəkatçıları aradan götürmək üçün başqa metodlardan istifadə edirlər. Məsələn, saxta qəzalar təşkil etməklə hərəkatçılarımızı öldürməyə çalışırlar. Buna Şədid Qulamrza Əmaniyə, Səhənd Afşariyə və İbrahim Cəfərzadəyə qarşı təşkil edilmiş süni qəzaları misal göstərə bilərəm.

– Sanki ABŞ və Avropa dövlətlərində Güney Azərbaycanla bağlı fəaliyyət göstərən lobbi də fəal deyil. Birdən-birə Güney məsələsi Qərbin siyasi gündəliyindən çıxarıldı və bura diqqət azaldı. Bu haqda fikriniz nədir, Qərbdən dəstək varmı?

– ABŞ və Avropa ölkələri İranın bölünməsini istəmir, istəsələr belə özlərinə uyğun və maraqlarını əks etdirən bir xəritə üzərində istəyəcəklər. Keçən günlərdə ABŞ prezidentinin müşaviri Con Bolton da açıq formada bildirdi ki, Vaşinqton İranda hakimiyyət dəyişikliyi istəmir, sadəcə olaraq, mövcud rejimin yumşalmasını istəyir. Bu onu göstərir ki, ABŞ, yaxud Qərb indiki İran hakimiyyəti ilə anlaşmağa çalışır və İranı öz tələblərinə uyğun bazara çevirmək niyyətindədirlər.

– Lakin İrana artan beynəlxalq təzyiqlərin daxildə etnik zəmində partlayışa səbəb ola biləcəyi ehtimalı da güclənib. Bu təzyiqlər baxımından Güney Azərbaycan hansı mövqedə dayanıb?

– Əlbəttə, bu təzyiqlərin Güney Azərbyacana da təsiri olacaq. Ümumiyyətlə, İranda heç vaxt dövlətçilik və millət siyasəti paralel olmayıb və olmayacaq. İranda bir çox etnik qrup var və bu etniklərin hər birinin özünəxas mədəniyyəti, məzhəbi, dili və tarixi var. İndiki rejim paniranist bir rejim kimi ortaya çıxıb və panfarsizmi yaydığı üçün təzyiqlərin artdığını görən etniklər bundan yararlanmaq istəyəcəklər. Güney hərəkatı da istisna deyil və millətləşməyə doğru gedən xalqımız öz mənfəətləri naminə bu vəziyyətdən istifadə edib dayanıqlı və müstəqil Azərbaycan qura bilər.

– Bəs Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) fəaliyyəti nə yerdədir? Belə bir təsəvvür yaranır ki, Güneydə gedən proseslərə münasibətdə o qədər də aktivlik yoxdur.

– GAMOH 1995-ci ildən doktor Mahmudəli Çöhrəqanlının başçılığı altında fəaliyyət göstərir və fəaliyyətini davam etdirir. Həmişə olduğu kimi, GAMOH yenə də həm Güney Azərbaycanda, həm də xarici ölkələrdə milli hərəkatın güclənməsi istiqamətindəki işlərini icra edir. İllərdir bizi yıxmaq, parçalamaq üçün, bir-birimizə düşmən etmək üçün gizli xidmətlərlə əlbir oldular, amma bu çirkin niyyətlərini həyata keçirə bilmədilər. Biz ayaqdayıq və çalışırıq. İndi də həm Güneydə, həm də xaricdə ən çox çalışan və fəaliyyət göstərən GAMOH təşkilatıdır. Son bir həftə içində bir çox şəhərlərdə məhbuslarımızın azadlığı üçün bildirişlər yayımladıq, bayraqlar asdıq və xalqın problemlərini onun öz dilindən dinləyib medianın gündəminə çıxardıq.

Etiketler:

Yorum kayıta alındı

Adınız:

E-posta Adresiniz:

Yorumunuz: